Fevralın altısı, gecə yarısı,
Böyük zəlzələnin sarsıntısından,
Oyandı insanlar çaşqın və qorxmuş.
Qəhrəmanmaraşda fəlakət olmuş.
*
Yüz ilin ən böyük fəlakətini,
Yaşadı Türkiyə bircə gecədə.
Bir anda dağıldı şəhərlərimiz,
Yerlə yeksan oldu tüm evlərimiz.
*
Bu gün qan ağlayır torpaqlarımız,
Evsiz, eşiksizdir qardaşlarımız.
Dərdin dərdimizdir, kədərimizdir.
Demək ki, bu bizim qədərimizdir.
*
Virandı şəhərlər, dağılmış kəndlər,
Bu çökən binalar nədən danışır?
Artıq tamahdanmı, xəyanətdənmi?
Olmayan vicdandan, dəyanətdənmi?
*
Dağıntı altında qalmış insanlar,
Heç nədən xəbərsiz məsum körpələr.
“Nə oluyor”? – deyə, sual verirlər,
Dağıntıdan çıxan çaşqın körpələr.
*
Türkiyə tək deyil, hamı burdadır –
Xilasedicilər, əsgərlər gəlir.
Könüllü insanlar yardıma gəlir,
Bir çox ölkələrdən yardımlar gəlir.
*
Yenə ucalacaq böyük binalar,
Yenə salınacaq böyük şəhərlər.
Yenə gün doğacaq kəndlərimizə,
Yenə açılacaq gözəl səhərlər.
*
Sevinməsin düşmən, başımız dikdir,
Hələ ayaqdadır Türk övladları.
Əl-ələ, qol-qola birgə keçəcək,
Bu çətin dönəmdən Türk övladları.
*
Başını uca tut, uca Türkiyəm,
Vüqarın, qürurun sənə yar olsun.
Keçər ağrıların, sağalar yaran,
Böyük Türk devleti daim var olsun!
Etibar. 14.02.2023.